Rövşən Qədirov üçün ikinci “ulduz”

Azərbaycandan olan boks üzrə referi Rövşən Qədirov növbəti hakimlik imtahanından uğurla keçib. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, azərbaycanlı ədalət təmsilçisinin beynəlxalq kateqoriyası 1 ulduzdan 2 ulduza yüksəldilib. O, bu nailiyyətə martın 1-10-da Mərakeşdə “Qızıl kəmər” seriyası çərçivəsində keçirilən ilk turnirdə imza atıb. Beynəlxalq Boks Assosiasiyası (İBA) bu yarışda nəzəri və praktiki dərslərə qatılan həmyerlimizin imtahandan uğurla keçdiyini açıqlayaraq, onun ulduzunu artırıb.

Ulduzu artırılan Rövşən Qədirov bundan sonra daha mötəbər turnirlərdə Azərbaycanı hakim kimi təmsil etmək hüququ qazanacaq. Azərbaycan Boks Federasiyası isə həm milli, həm də beynəlxalq kateqoriyaya malik hakimlərin peşəkarlıq səviyyəsinin artırılması, onların sayının çoxaldılması istiqamətində işlərin davam etdiriləcəyini açıqlayıb.