“Sabah” “Hapoel”ə uduzdu, “Sumqayıt” ilk oyunda “sülh” bağladı

Bolqarıstanın Bansko şəhərində təlim-məşq toplanışını davam etdirən “Sabah” bu gün ilk yoxlama oyununda qüvvəsini sınayıb. Arena.az xəbər verir ki, sözügedən komanda İsrailin “Hapoel” (Hadera) kollektivi ilə qarşılaşıb.

Sofiyada yerləşən milli komanadaların təlim-məşq bazasında keçirilən görüş rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” matçın 76-cı dəqiqəsində meydanda azlıqda qalıb. Zurab Oçiqava qırmızı vərəqə alıb.

Baş məşqçi Murad Musayev bu matçda aşağıdakı start heyətinə şans verib: Yusif İmanov, Amin Seydiyev, Zurab Oçiqava, Con İrasabal, Boyan Letiç, Elvin Camalov (k), Anatoli Nuriyev, Ceyhun Nuriyev, Namiq Ələsgərov, Aleksey İsayev, Davit Volkov.

2022/23 mövsümünə hazırlığını Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt” da bu gün qardaş ölkədə ilk yoxlama oyununu keçirib. Aleksey Baqanın yetirmələri Türkiyə 1-ci Liqa təmsilçisi “Bandırmaspor”la üz-üzə gəlib. Boluda baş tutan qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə isə komandalar hərəyə 2 dəfə fərqləniblər. Yekunda matç 2:2 hesabıyla başa çatıb. “Sumqayıt”ın qollarını 58-ci dəqiqədə komandada yoxlanışda olan toqolu futbolçu Ouro-Nile Ture və 90-cı dəqiqədə Rüfət Abdullazadə rəqib qapısından keçirib.

Qarşılaşmadan sonra “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa klubun rəsmi saytına açıqlamasında matçla bağlı bunları söyləyib:

“Öz liqasında yüksək yerlər uğrunda mübarizə aparan güclü komanda ilə maraqlı qarşılaşma alındı. Heytində səviyyəli legionerin də yer aldığı güclü kollektivə qarşı oynadıq. İlk yoxlama matçı olmasına baxmayaraq, futbolçularımın oyuna münasibətindən razı qaldım. Azərbaycanda keçirdiyimiz yoxlama oyunlarını unudub burdakı matçlara köklənmişik. Baxımlı qollar vurduq, bəzi imkanları boşa verdik. Öz qapımızda da qollar gördük. Belə deyim, çox məhsuldar qarşılaşma oldu. Hesab məni o qədər maraqlandırmır. Futbolçuların əzmkarlığı, oyuna yanaşması mənə qane etdi. Düşərgəmizdə yeni oyunçular var. Futbolçularımız onların qısa vaxtda kollektivə uyğunlaşması üçün yardım edirlər ki, bu da oyunda özünü göstərir”.

Bu gün daha bir yoxlama matçı “Kəpəz”lə “Şamaxı” komandaları arasında baş tutub. Sözügedən kollektivlər “Dalğa Arena”nın ehtiyat meydançasında qarşılaşıblar. Oyun qolsuz bərabərliklə başa çatıb – 0:0.