PSJ-nin və Rusiya yığmasının qapıçısı Matvey Safonov Qara dəniz sahillərini mazutdan təmizləmək üçün xərc çəkib.
Arena.az rusiyalı qapıçının ailə dostu Nikita Sokola istinadən məlumat verir ki, Safonov Krasnodardan Anapaya yollanmış könüllülərin pulunu ödəyib və bununla ictimai işə öz kiçik töhfəsini verib:
“Səfər haqqı tam surətdə Matvey Safonov tərəfindən ödənilib. Mən ona göstərdiyi dəstəyə və vəziyyətlə bağlı narahatlığına görə minnətdarlığımızı bildirmək istərdim. Mən yaxşılığın yüksək səslə ucalmasını istəyirəm, bu isə digər insanları başqalarına kömək etməyə həvəsləndirəcək”, – “Match TV” Sokoldan sitat gətirir.
Xatırladaq ki, dekabrın 15-də 9 min tondan çox mazut daşıyan iki tanker – “Volqoneft 212” və “Volqoneft 239” qəzaya uğrayıblar və neft məhsulları Qara dəniz sahilinə axıb. Nəticədə federal səviyyədə fövqəladə vəziyyət elan edilib. Hazırda könüllülər və xüsusi texnika çimərlikləri təmizləyir və heyvanları xilas edirlər.
Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Safonov cari mövsümdə PSJ-nin heyətində 8 oyuna çıxıb. O, bu oyunlarda 6 qol buraxıb, 3 oyunda qapısını toxunulmaz saxlayıb.
“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.
Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 14 oyuna çıxıb, 8 qol buraxıb, 9 matçdan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 25 yaşlı rusiyalı qapıçının transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


