Futbol üzrə Azərbaycan İkinci Liqasında 2024/2025 mövsümünün qalibi “Şahdağ Qusar”a qızıl medallar və çempionluq kuboku təqdim edilib.
Arena.az xəbər verir ki, İkinci Liqanın 2024/2025 mövsümünün mükafatlandırma mərasimi bu gün baş tutub.
Əvvəlcə turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub. “Şəmkir”in hücumçusu Vidadi Cəfərov 31 qolla İkinci Liqada 2024/2025-ci illər mövsümünün ən sərrast futbolçusu seçilib.
Daha sonra turnirin üçüncüsü “Şimal” komandasına bürünc medallar təqdim edilib. Turnirin gümüş mükafatçısı “Şəfa” komandası da medallarına qovuşub.
Sonda isə məğlub olmadan çempionluq qazanan “Şahdağ Qusar” komandasına qızıl medallar təqdim olunub. Medalları Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təqdim ediblər. Ardınca Qusar komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.


