“Şahdağ Qusar” və “Şəfa” Birinci Liqada!

Hazırda İkinci Liqada mübarizə aparan “Şahdağ Qusar” və “Şəfa” komandaları növbəti mövsümdə Birinci Liqada mübarizə aparacaqlar.

Arena.az xəbər verir ki, bu, İkinci Liqada 20-ci turun bu gün keçirilmiş oyunlarından sonra rəsmiləşib.

Belə ki, çempionatın ldieri “Şahdağ Qusar” öz meydanında “Hypers Quba”ya 2:1 hesabı ilə qalib gəlib. Bu nəticə ilə Qusar təmsilçisi xallarının sayını 58-ə çatdırıb. Belədə “Şahdağ”la 4-cü pillədəki Quba klubunun aralarındakı xal fərqi 22-yə yüksəlib. Əldə olunan üç xalla da lider “üçlük”dəki yerini, bununla da Birinci Liqaya vəsiqəni təmin edib.

“Hypers Quba”nın xal itirməsi daha bir komandanın işinə yarayıb. İkinci pillədəki “Şəfa” da “Şəki Siti” üzərindəki 6:0 hesablı qələbə ilə xallarının sayını 55-ə çatdırıb. 19 xallıq üstünlük Bakı klubunun “üçlük”də yerini təmin etməsi və Birinci Liqaya vəsiqə qazanması üçün yetərli olub.

Qeyd edək ki, İkinci Liqada ilk üç yerin sahibi daha üst liqaya birbaşa vəsiqə qazanacaq. 4-cü olan komanda isə pley-off oynayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: