“Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov təmsilçimizin Avropa Liqasında “Bayer”ə qarşı keçirdiyi oyunu şərh edib.
Arena.az xəbər verir ki, Avroliqanın qrup mərhələsinin 3-cü turu çərçivəsində Leverkuzendə baş tutan bu oyunda Almaniya təmsilçisi 5:1 hesabıyla qalib gəlib.
Sabiq komandasına qarşı oyuna start heyətdə başlayan və 5 qol buraxan qapıçının agenti, buraxılan qollarda rusiyalı qolkiperin səhvinin olmadığını bildirib:
“Andrey meydanda yaxşı idi, amma futbol komanda oyunudur. O, yalnız buraxılan beşinci qolda daha yaxşı oynaya bilərdi. Ancaq həmin epizodda da müdafiəçilərin harada olduğu bəlli deyildi. Belə matçlardan düzgün nəticə çıxaranlar irəliləyir və güclənirlər. Andreyə və komandasına sona qədər mübarizə apardığına görə təşəkkür edirəm. Bu o deməkdir ki, komandanın xarakteri var”.
Smirnov Azərbaycan çempionunun 1:5 hesablı məğlubiyyətinə baxmayaraq, Bakıda baş tutacaq cavab qarşılaşmasında yaxşı çıxış edəcəyinə inanır: “Bayer”lə “Qarabağ” arasında yerlə göy qədər fərq var. Hələ yaxşı ki, cəmi 5 qol oldu. Belə oyunu şərh etmək çətindir. Ümid edirəm ki, Bakıda daha layiqli mübarizə olacaq”.
Xatırladaq ki, “Qarabağ”la “Bayer” arasında cavab oyunu noyabrın 9-da Bakıda keçiriləcək.
2021-ci ildən “Bayer”də çıxış edən Andrey Lunyov bu ilin avqust ayında “Qarabağ”a keçib. 31 yaşlı qolkiperlə 1+1 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisində 8 oyuna çıxıb, 9 qol buraxıb, 4 “quru” matç keçirib.
Lunyovun “Bayer” karyerası isə cəmi 3 oyundan və 4 buraxılmış qoldan ibarətdir. O, “Zenit”, “Kaluqa”, “Ufa”, “Torpedo” (Moskva), “İstra”, “Leon Saturn” kimi klubların da formasını geyinib. Andrey Rusiya milli komandasında da 7 oyuna çıxıb. O, yığmanın heyətində 14 qol buraxıb.


