Stiv Bryus məşqçi karyerasını bitirdi

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq mərkəz müdafiəçisi Stiv Bryus məşqçilik karyerasını başa vurmaq qərarına gəlib.

Arena.az bu barədə Britaniya mətbuatına istinadən xəbər verir.

İngiltərəli mütəxəssis ötən ilin yayında “Bləkpul”dan ayrıldıqdan sonra işsiz idi. O, yeni komanda tapmadığı üçün artıq başqa fəaliyyətlərlə məşğul olacağını açıqlayıb. Bununla belə, təcrübəli məşqçi İngiltərə millisi tərəfindən təklif olacağı təqdirdə, geri dönə biləcəyinə eyham vurub.

Bryusun karyerasında baş məşqçi kimi təxminən 1000 oyun var ki, bunun 476-sı İngiltərə Premyer Liqasına təsadüf edir.

Stiv Bryus futbolçu karyerası ərzində 1987–1996-cı illərdə “Mançester Yunayted”in formasını geyinib və “qırmızı şeytanlar”ın sabiq baş məşqçisi Aleks Ferqyusonun rəhbərliyi altında üç dəfə Premyer Liqa çempionu olub.

İngilis mütəxəssis məşqçilik karyerası ərzində “Şeffild Yunayted”, “Haddersfild Taun”, “Uiqan”, “Kristal Pelas”, “Birmingem Siti”, “Sanderlend”, “Hall Siti”, “Aston Villa”, “Şeffild Uenzdey”, “Nyukasl” və “Vest Bromviç” kimi komandalara rəhbərlik edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: