İtaliyanın “Yuventus” klubu heyətini aşağı liqa təmsilçisi “Triestina”da forma geyinən türk futbolçu Teoman Gündüz ilə gücləndirib.
Arena.az xəbər verir ki, klubla futbolçu arasında imzalanmış müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub.
Lakin oyunçu öz istəyi ilə 2030-cu ilə qədər də “qoca sinyora”nın formasını geyinə bilər. “Yuventus” bu transfer üçün “Triestina”ya 100 min avro ödəyib.
Teoman Gündüz peşəkar futbolçu karyerasına Almaniyanın “Herta” (Berlin) klubunda başlayıb. 21 yaşlı futbolçu 2023-cü ildə İtaliyanın C Seriyasında çıxış edən “Triestina”ya transfer olunmuşdu. O, ötən mövsüm İtaliyanın digər klubu “Lekko”da da icarədə olub.
Teoman Türkiyənin U-18 və U-19 yığmalarında forma geyinsə də, sonradan milli komandalara dəvət almayıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 125 min avro məbləğində qiymətləndirir.


