Ülvi İsgəndərov “Qəbələ” ilə yeni müqavilə bağlamaq istəmir

Futbol üzrə Azərbaycan Kubokunun qalibi olan “Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov bu yay əyalət təmsilçisini tərk edə bilər.

Arena.az-ın əldə etdiyi məlumata görə, buna səbəb 25 yaşlı futbolçunun digər klublardan sərfəli təkliflər almasıdır.

Düzdür, onu “Qəbələ” də heyətdə saxlamaq istəyir. Klub müqaviləsinin müddəti 2024-cü ilin yayına kimi olan forvarda yeni sözləşmə də təklif edib. Amma futbolçu özü indiki klubu ilə yeni müqavilə bağlamaq istəmir.

İsgəndərovu Premyer Liqanın digər təmsilçiləri “Sumqayıt” və “Turan Tovuz” da istəyir. Ülvinin yekun qərarının necə olacağı maraq doğurur.

Xatırladaq ki, Ülvi İsgəndərov “Qəbələ”nin öz yetirməsidir. O, bu klubun əsas komandasında 114 oyuna çıxıb, 20 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub. O, 2018/2019 mövsümündə icarə əsasında “Sumqayıt”da oynayıb və 20 oyuna 5 qol vurub. Azərbaycanın U-21 yığmasında oynamış hücumçu əsas millidə debüt şansı qazanmayıb.

Qeyd edək ki, “Qəbələ” yeni mövsümdən Avropa Konfrans Liqasında mübarizə aparacaq. “Zirə” və “Sumqayıt” isə avrokuboklara vəsiqə qazana bilməyib.