Vitali Borisov: “Niderlanda daha çox qol vura bilərdik”

Futzal üzrə Azərbaycan millisinin baş məşqçi Vitali Borisov DÇ-2024-ün elit mərhələsində Niderlanda qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 6:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizim üçün yaxşı oyun oldu. Komanda olaraq oyuna əla motivasiya olmuşduq. Hesabın belə olması oyunun yaxşı keçdiyinin göstəricisidir. Hərçənd daha çox qol vura bilərdik. Məqsədimiz qol buraxmamaq idi. Təəssüf ki, alınmadı. Qol epizodunda qapıçının səhvi yox idi.

Rumıniya ilə görüşdən sonra komandada ruh düşkünlüyü var idi. Bu dəfə doğma meydanda vəziyyəti xeyrimizə dəyişməyə çalışdıq. Şadam ki, məqsədimizə nail olduq.

Qazaxıstanla oyunda da qələbə üçün mübarizə aparacağıq. Çalışacağıq bu oyunumuzu növbəti matçda da təkrarlayaq. Qazaxıstan qrupun favoriti hesab olunur. Onlarla görüşdə hansı komanda xal və ya xallar qazana bilsə, ilk iki yerdən birini tutacaq”.

Niderland millisinin baş məşqçisi Migel Andres də mətbuat konfransına qatılıb. O, komandasının Bakıdakı məğlubiyyətini belə şərh edib:

“Daha əvvəl burada işləmişəm və Azərbaycan mənə yaxın ölkədir. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm. Daha yaxşı oyun sərgiləyə bilərdik. Amma futzalçılarımızdan narazı deyiləm. Bəzi məsələləri təhlil edib aydınlaşdıracağıq”.

Andres yenidən Azərbaycanda işləmək ehtimalı haqqında da danışıb: “Ölkənizdə fəaliyyət göstərdiyim müddətdə məmnun olmuşam. Bura həmişə mənə doğma olaraq qalacaq. Lakin hələlik Niderland millisindəki işimi davam etdirəcəyəm”.

Xəbəri sosial şəbəkələrdə paylaş: