“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasını qazanmaqla rəsmiləşdirdikləri “trebl” haqda hisslərini paylaşıb.
Arena.az “The Guardian”a istinadən Qvardiolanın fikirlərini diqqətinizə çatdırır:
“Ser Aleks Ferqyuson ilə bir sırada olmaq mənim üçün şərəfdir. Bu səhər ondan bildiriş almışam və mütəəssirəm”.
Xatırladaq ki, “İnter”i minimal hesabla məğlub etmiş “Mançester Siti” tarixində ilk dəfə Çempionlar Liqasının qalibi olub. Xosep Qvardiola isə 2011-ci ildən bu yana ilk dəfə qitənin ən nüfuzlu turnirində yenidən qalib olmağı bacarıb. Pep bu qələbə ilə həm də “trebl”ə imza atıb: Premyer Liqanı, İngiltərə Federasiya Kubokunu və Çempionlar Liqasını qazanıb. Beləliklə də Pep, Ser Aleks Ferqyusonun rəhbərlik etdiyi “Mançester Yunayted”in 1999-cu ildəki rekordunu təkrarlayıb. Bunula yanaşı, Pep ikinci “trebl”ə nail olmuş, həm də bunu iki fərqli komanda ilə etmiş ilk məşqçi kimi tarixə düşüb. O, daha öncə bunu İspaniya “Barselona”sı ilə də bacarmışdı.


