Yan Dyomande – Bundesliqada aprelin ən yaxşı futbolçusu!

“Leypsiq”in 19 yaşlı ivuarlı vingeri Yan Dyomande futbol üzrə Almaniya Bundesliqasında aprel ayının ən yaxşı oyunçusu seçilib.

Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.

Dyomande aprel ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

“Leypsiq”in universal vingeri həm cari mövsümdə, həm də karyerası ərzində ilk dəfə oxşar mükafata layiq görülür.

Cari mövsümdə “Bayern”in hücumçusu Harri Keyn (sentyabr, dekabr və fevral) və sağ vingeri Makyl Olise hərəyə 3 dəfə (avqust, noyabr və yanvarda) ayın ən yaxşı oyunçusu elan ediliblər. Oktyabrda Yonatan Burkardt (“Ayntraxt”), martda Denis Undav (“Ştutqart”) fərqləniblər.

Yan Dyomande peşəkar karyerasına İspaniyanın “Leqanes” klubunda başlayıb. “Leypsiq” onu 2025-ci ilin yayında 20 milyon avro məbləğ müqabilində məhz İspaniya klubundan transfer edib. 19 yaşlı cinah hücumçusu Almaniya klubunun heyətində indiyə qədər 34 oyuna çıxıb, 13 qol vurub, 9 məhsuldar ötürmə verib.

Kot-d’İvuarın U-17 və U-23 yığmalarında da oynamış Dyomande 2025-ci ildə debüt etdiyi əsas millinin heyətində 9 oyun keçirib, 3 qola imza atıb.

“Transfermarkt” internet-portalı 19 yaşlı vingerin transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: