“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yuri Vernidub matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci hissədə çox yaxşı oynadıq. Bir qol vurduq. İkincini də vura bilərdik. “Qəbələ”nin isə ümumiyyətlə fürsətləri olmadı. İkinci hissə bir qədər fərqli alındı. Komanda bu meydanda uzun müddətdir qələbə qazanmırdı. Hesabda öndə idik deyə, bəlkə də komanda müdafiə olunmağı seçdi. Bu da bizim istədiyimiz oyun deyil. Daha yaxşı oyun gözləyirdik. Oyunçulara dedim ki, bu gün bizə qələbə laızmdır ki, yolumuza davam edə bilək. Onlar buna nail oldular. Mən də təşəkkür edirəm. Oyun yaddan çıxır. Nəticə isə həmişə yadda qalır”.
Yuri Vernidub “Qarabağ”la “Neftçi” arasındakı oyunun təxirə salınacağı barədə xəbərlərə də toxunub:
“Bu, harada yazılıb, kim deyib? Mənə deyilsə ki, oynayaq, oynayacağıq. Oynamayaq deyilsə, oynamayacağıq. Azərbaycan Premyer Liqasında 12 komanda var. Bizə görə onlardan biri bizik, digər 11 komanda isə rəqibdir. Mənim üçün hər oyun önəmlidir. Rəqibin “Qarabağ”, “Sumqayıt” və ya “Kəpəz” olmasının fərqi yoxdur. İstəyirəm ki, hər oyunda qələbə qazanım. Qarşımda duran tapşırıq budur”.
Ukraynalı mütəxəssis yeni transfer Breno Almeyda barədə də danışıb:
“Onu uzun müddətdir izləyirdik. Bizdə çox yaxşı skautinq var. Bu oyunçu həm skautların, həm də məşqçi heyətinin xoşuna gəldi. Həm cinahlarda, həm də hücumun mərkəzində oynamağı bacarır. Yaxşı sürəti, texnikası və driblinqi var. Ondan gözləntilərim böyükdür. Sabahdan etibarən bizimlə məşqlərdə olacaq. Əlbəttə ki, kollektivə tam uyğunlaşması üçün bir az vaxt lazımdır. Bir həftədən sonra oynaya bilər. Dərhal onu oyuna buraxa bilmərəm. Məşqlərdə futbolçuya baxmaq lazımdır”.


