Kristiano Ronaldo “Əl-Nəsr”də qalmasını əsaslandırdı

“Əl-Nəsr”in 40 yaşlı portuqal ulduz hücumçusu Kristiano Ronaldo “Nəcd cəngavərləri”nin heyətində qalmağa verdiyi qərarı əsaslandırıb.

Arena.az “Əl-Nəsr”in rəsmi saytına istinadən, portuqal ulduzun müvafiq açıqlamasını təqdim edir:

“Əlbəttə, biz hələ də inkişaf edirik, amma mən əminəm ki, hal-hazırda biz ən yüksək səviyyəli beş komanda arasındayıq. Mən hələ də düşünürəm ki, biz təkmilləşməyə davam edəcəyik, bizim vaxtımız var. Son iki il ərzində biz göstərdik ki, liqamız yuxarıya doğru yoldadır.

Mən şadam, çünki bilirəm ki, liqa çox rəqabətlidir. Səudiyyə Ərəbistanında heç vaxt oynamamış kəslər bu çempionatın ən yüksək səviyyəli ilk beşlikdə olmadığını deməklə, futbol haqda heç nə anlamadıqlarını ortaya qoyurlar. Mən və burada oynayan kəslər, mənim nə haqda danışdığımı yüz faiz başa düşürlər. Məhz buna görə də mən burada qalmağa qərar verdim, mən bu layihəyə inanıram.

Biz məqsədimizə müvəffəq olacağıq, amam yaxın iki il ərzində deyil, 2034-cü ildə, Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatında, hansı ki, məncə, tarixdə ən yaxşılardan biri olacaq.
Mən şadam, daha iki il… Çempionatda Səudiyyə Ərəbistanının ən yaxşı komandaları ilə qələbə uğrunda mübarizə aparmaq istəyirəm. Buna inanıram. Görək, kim yaxşı olacaq…”, deyə “Kriş” vurğulayıb.

Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun Səudiyyə Ərəbistanı klubu ilə yenilənmiş müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ronaldo geridə qalmış mövsümdə “Əl-Nəsr”in heyətində 41 oyuna 35 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 105 oyun, 93 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Əlavə edək ki, Ronaldo Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2024/2025-ci illər mövsümümün 25 qolla ən sərrast qolçusudur. Portuqal ulduzun hesabında 3 məhsuldar ötürmə də var.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Kristiano Ronaldo Portuqaliya yığmasının heyətində 221 oyuna 138 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: