Rui Jorje: “DÇ-yə vəsiqə qazanan komandalardan geri qalırıq”

Azərbaycanın U-20 milli komandasının baş məşqçisi Rui Jorje bu gün Yaponiya yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşünün əsas vaxtı qolsuz bitib.

U-20 millimiz oyunsonrası penaltilər seriyasında 5:4 hesabı ilə qalib gəlib. Rui Jorje qarşılaşmadan sonra komandasının çıxışını dəyərləndirib. Portuqaliyalı mütəxəssis bildirib ki, futbolçuların fiziki baxımdan tam hazır olmaması normaldır:

“Hazırda yolun başlanğıcındayıq. Oyunçuların tam fiziki formada olmaması normaldır. Futbolçularımdan yüksək intensivlik tələb edirəm. Buna görə də oyunun sonlarında yorulmaları təbiidir”.

Rui Jorje bildirib ki, futbolçuların əksəriyyəti klublarında əsas komandada deyil, əvəzedici və U-19 komandalarının heyətlərində çıxış edir. Onun sözlərinə görə, əsas komandada oynamaq üçün futbolçular ilk növbədə özlərini sübut etməlidirlər. Baş məşqçi Azərbaycan futbolçularının Avropa səviyyəsinə çatmaq üçün daha çox çalışmalı olduğunu da vurğulayıb:

“Dünya çempionatına vəsiqə qazanan komandalardan geri qalırıq. Bunu yaddan çıxarmaq olmaz. Biz dünya çempionatında ev sahibi kimi iştirak edirik. Digər komandalar isə oyunları ilə mundiala vəsiqə qazanıblar. Məqsədimiz aradakı fərqi maksimum dərəcədə azaltmaqdır”.

Rui Jorje Yaponiya millisinin dünya çempionatına vəsiqə qazandığını, lakin bu toplanışa bir neçə aparıcı futbolçusunu gətirmədiyini qeyd edib. O, hazırda komandanın oyunlardakı performansının nəticədən daha vacib olduğunu bildirib.

Mütəxəssis Əli Bəşirovun da böyük potensiala malik olduğunu deyib. Onun sözlərinə görə, gənc futbolçu Avropadakı həmyaşıdlarından geri qalmır və gələcəkdə özünü daha yüksək səviyyədə göstərə bilər.

Baş məşqçi Azərbaycan futbolçularının avropalı həmyaşıdlarından bir sıra aspektlərdə geri qaldığını da etiraf edib: “Bütün aspektlərdə. Elə komanda var ki, bizdən fiziki cəhətdən, eləsi var ki, texniki cəhətdən güclüdür. Daha çox işləməliyik ki, onların səviyyəsinə çata bilək”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: