Kristiano Ronaldo 1200-ə qol və məhsuldar ötürmə ilə çatdı

Portuqaliya yığmasının hücumçusu Kristiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 38 yaşlı futbolçunun komandası Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 16-cı turu çərçivəsində “Ər-Riyad”la qarşılaşıb.

“Əl-Nəsr” doğma meydanda baş tutan bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb. Bu oyun meydan sahiblərinin portuqal ulduzu Ronaldo üçün əlamətdar olub. Belə ki, o, futbolçu karyerasında 1200-cü matçını keçirib. Ronaldo bu oyunda qol və məhsuldar ötürmə ilə fərqlənib. 33-cü dəqiqədə hesabı açan Kristiano, 45+3-cü dəqiqədə də ikinci qolun assist müəllifi olub.

Ronaldo oyundan sona möhtəşəm nailiyyəti haqda özünün sosial şəbəkə hesabı üzərindən yazıb: “Daha 3 xal! 1200-ə çatmağımda kömək etmiş bütün komanda yoldaşlarıma təşəkkür edirəm. Əla səyahətdir, amma biz hələ bitməmişik!”

Bu qələbədən sonra “Əl-Nəsr” 37 xalla turnir cədvəlinin 2-ci, “Ər-Riyad” 16 xalla 14-cü pilləsində qərarlaşıb. Çempionata 44 xalla “Əl-Hilal” başçılıq edir.

Ronlaldo milli çempionatın ən sərrast futbolçusudur – 16 qol. Həmçinin portuqal hücumçunun hesabında 8 məhsuldar ötürmə var, bu göstəricidə Ronaldo “Əl-Taavun”un yarımmüdafiəçisi Alvaro Medrandan (9 məhsuldar ötürmə) geri qalır. Qol və məhsuldar ötürmələr cəmi üzrə isə Ronaldo milli çempionatın ən səmərəli futbolçusudur – 24 xal (16 qol və 8 məhsuldar ötürmə).

Kristiano Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. Cari mövsümdə portuqal hücumçu “Əl-Nəsr”in heyətində bütün yarışlarda 21 oyuna çıxıb, 19 qol vurub, 10 məhsuldar verib.
Kristiano hazırda kapitanı olduğu, 2003-cü ilin avqust ayının 20-də debüt etdiyi Portuqaliya yığmasının heyətində 205 oyun keçirib, 128 qol vurub və 46 məhsuldar ötürmə verib.

Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur. Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 38 yaşlı veteran futbolçunu 15 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: