“Şamaxı” dörd transferlə kifayətlənmək istəmir

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan debütant “Şamaxı” qış hazırlıq prosesini yekunlaşdırmaq üzrədir.

“Aslanlar”ın sözçüsü Yusif Hüseyn ilə əlaqə saxlayıb komandanın hazırkı vəziyyətini öyrəndik.

Klub rəsmisi Arena.az-a açıqlamasında komandanın mövsümün qalan hissəsinə hazırlığı barədə bunları söyləyib:

“Hazırlığımız davam edir. Bu gün “Araz Saatlı” ilə ikinci yoxlama matçına çıxacağıq. Daha bir yoxlama oyunu da nəzərdə tutulub. Böyük ehtimalla, “Karvan”la yoxlama görüşü olacaq. Məşqlərimiz plana uyğun davam edir. Sonuncu yoldaşlıq matçından sonra qış hazırlıq mərhələsinə yekun vurulacaq.

Qış transfer mərhələsində dörd yeni futbolçu ilə müqavilə bağlamışıq. Bunlar Səbayıl Bağırov, Bəhruz Teymurov, Arsen Ağcabəyov və Roman Hüseynovdur. Yeni transfer axtarışlarımız davam edir. Təbii ki, şərtlərimizə uyğun istədiyimiz futbolçular olsa, heyətimizə qatacağıq”.

Xatırladaq ki, Şamaxı təmsilçisi 2023/2024 mövsümünün geridə qalmış hissəsində 22 xal toplayıb və Birinci Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb.

Nahid Məmmədov

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: