Udea-Kastera: “Mbappeyə karyerasında uğurlar arzulamalıyıq”

Fransanın idman naziri Ameli Udea-Kastera PSJ-nin fransalı ulduzu, mərkəz hücumçusu Kilian Mbappe haqda danışıb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, nazir ulduz futbolçunun cari mövsümün sonunda Fransa nəhənginin düşərgəsini tərk edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:

“Aydındır ki, nəsə baş verir. Hər şeydən əvvəl, onun bu çempionata gətirdiyi bütün gözəl şeyləri xatırlamalıyıq. Liqa 1-də o, son illərin ən diqqət çəkən qəhrəmanlarından biri olub. Məncə, ona karyerasında uğurlar arzulamalıyıq.

Onu da unutmaq olmaz ki, o, 2024-cü il üçün böyük perspektivləri olan bir komandanın kapitanı olaraq qalır. Mən təkcə Avropa çempionatı haqqında deyil, həm də Olimpiya Oyunları haqqında düşünürəm. Biz bəxtliyik ki, belə gözəl oğlan və futbolçumuz var”, deyə Udea-Kastera bildirib.

Xatırladaq ki, daha əvvəl mətbuatda Mbappenin artıq “Real”la 5 illik müddətə müqavilə imzaladığı haqda məlumat yayılıb.

Kilian Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Fransalı ulduz Paris klubuna həmin ilin iyulunda 180 milyon avro qarşılığında “Monako”dan keçib. Kilianın Fransa nəhəngi ilə cari müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə ulduz hücumçu parislilərin heyətində bütün yarışlarda 31 oyuna çıxıb, 32 qol vurub, 7 məhsuldar ötürmə verib.

Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 75 oyun keçirib. Hücumçu bu oyunlarda 46 qol vurub, 30 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ Mbappenin dünyanın 3 ən bahalı futbolçusundan biri olması deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: