Abdülkadir Ömür “Hall Siti”yə satıldı – “Trabzonspor”un qazancı

Türkiyənin “Trabzonspor” klubunun hücumameyilli yarımmüdafiəçisi Abdülkadir Ömür bundan sonra “Hall Siti”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, İngiltərə klubu 24 yaşlı türkiyəli futbolçunu 2,5 milyon avro qarşılığında heyətinə qatıb.

Türkiyəli ünlü iş adamı Acun Ilıcalının rəhbərlik etdiyi “Hall Siti” ilə Abdulkadir arasında 3,5 + 1 illik müqavilə imzalanıb.

Abdülkadir Ömür “Trabzonspor”un öz yetirməsidir. O, karyerası ərzində yalnız bu klubda forma geyinib – 211 oyun, 25 qol və 36 məhsuldar ötürmə. Türkiyənin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış yarımmüdafiəçi, 2019-cu ildə debüt etdiyi əsas millidə 12 oyuna çıxıb.

Abdulkadir Ömürlə yollarını ayıran “Trabzonspor” Almaniyanın “Borussiya” (Dortmund) klubunun sağ cinah müdafiəçisi Toma Mönyeni transfer edib. Belçika milli komandasının da üzvü olan 32 yaşlı futbolçu Bundesliqa nəhəngindən azad agent kimi ayrılıb. Bu üzdən də Türkiyə klubu “Borussiya”ya təzminat ödəmək məcburiyyətində qalmayıb. Təcrübəli müdafiəçi ilə müddəti 2025-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Toma Mönye Belçikanın “Standard” (Lyej) və “Virton” klublarının yetirməsidir. O, peşəkar karyerasına da “Virton”da başlayıb. Daah sonra “Brügge”, PSJ kimi klubların formasını geyinmiş müdafiəçi 2020-ci ildən “Borussiya”da çıxış edirdi. Belçikalı futbolçu Dortmund təmsilçisinin heyətində 83 oyuna çıxıb. O, bu oyunlarda 3 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Belçikanın U-15 və U-21 yığmalarında da oynamış Mönye, 2013-cü ilin noyabrında əsas millidə debüt edib. O, Belçika yığmasında 62 oyun keçirib, 8 qola imza atıb.