Azərbaycanlı FIFA referisi Əliyar Ağayev 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında daha bir oyuna təyinat alıb.
Arena.az xəbər verir ki, o, C qrupunun ikinci turu çərçivəsində keçiriləcək Çexiya – Almaniya görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Matçın baş hakimi isə norveçli Espen Eskas olacaq. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin kömək edəcəklər.
Xatırladaq ki, iyunun 25-də Gürcüstandakı “Batumi Arena”da oynanılacaq qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur.
Əliyar Ağayev daha əvvəl A qrupundakı Belçika – Niderland (0:0) matçını idarə edib. Bu, həm də AÇ-2023-ün ilk qarşılaşması olub.


