Futbol üzrə Azərbaycan milli komandası bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.
Arena.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektiv F qrupundakı 5-ci sınağında Estoniya yığmasının qonağı olacaq.
Tallindəki “Le Kok Arena”da keçiriləcək oyunu Almaniyadan olan FIFA referisi Robert Şröder idarə edəcək.
Xatırladaq ki, Azərbaycan millisi qrupda daha əvvəl keçirdiyi matçlarda Avstriyaya səfərdə 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzub. Belçika ilə Bakıdakı qarşılaşmada da yığmamız 0:1 hesablı məğlubiyyətlə üzləşib. Digər görüş isə Bakıda məhz Estoniya yığmasına qarşı olub ki, həmin oyunda da qalib müəyyənləşməyib – 1:1. Bu, hər iki komandanın cari seçmə mərhələdəki ilk xalı deməkdir. Məsələ burasındadır ki, estonlar da keçirdikləri beş oyundan dördündə meydanı məğlubiyyətlə tərk ediblər.
Maraq üçün qeyd edək ki, Estoniya yığması Azərbaycan üçün tanış rəqibdir. Amma bu komandaya qarşı keçirdiyimiz oyunların statistikası heç də ürəkaçan deyil. Məsələ burasındadır ki, indiyə qədər keçirilmiş 9 oyunda yalnız 1 qələbəyə sevinmişik. Millimiz isə əvvəlki oyunlarda estonlara 3 dəfə uduzub. Qalan 5 oyun heç-heçə yekunlaşıb. Top fərqində də rəqib öndədir – 9-6.
Bu gün F qrupu çərçivəsində daha bir oyun baş tutacaq. 13 xalla 2-ci pillədə qərarlaşmış Avstriya yığması eyni xala malik Belçika millisini doğma meydanda məğlub etməklə vahid lider olmağa çalışacaq.
AÇ-2024-ün seçmə mərhələsi
F qrupu
13 oktyabr
20:00. Estoniya – Azərbaycan
Baş hakim: Robert Şröder (Almaniya).
Tallin, “Le Kok Arena”.
Xal: Belçika – 13. Avstriya – 13. İsveç – 6. Azərbaycan – 1. Estoniya – 1.