Minifutbol millimiz Fransanı da yendi, qrup lideri oldu

Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyada təşkil edilmiş Avropa çempionatında qrup mərhələsini lider kimi başa vurub.

Arena.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv F qrupundakı üçüncü matçında Fransa yığması ilə üz-üzə gəlib.

“Tipos Arena”da keçirilmiş qarşılaşma komandamızın qələbəsi ilə bitib – 3:2. Birinci hissədə rəqib oyunçu avtoqol müəllifi olub. İkinci hissədə Elvin Əlizadə və Ramiz Çovdarov fərqləniblər. Qrupun digər oyununda Avstriya millisi İtaliya yığmasını 5 cavabsız qolla üstələyib.

Beləliklə, daha əvvəl Avstriya (1:0) və İtaliyanı (3:0) məğlub etmiş Azərbaycan millisi xallarının sayını 9-a çatdırıb və qrup lideri olub.

Komandamız növbəti mərhələyə vəsiqəni ötən tur rəsmiləşdirmişdi. Fransa 4 xalla ikinci, Avstriya 3 xalla üçüncü, İtaliya 1 xalla sonuncu yeri tutub.

Artıq minifutbol millimizin Avropa çempionatının 1/8 final mərhələsindəki rəqibi də bəllidir. Millimiz növbəti raundda Qazaxıstan seçməsi ilə üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: