AÇ: Nicat Hüseynov, Tural Sarıyev və Murad Allahverdiyev 2-ci oldu

Azərbaycan boksçuları Nicat Hüseynov, Tural Sarıyev və Murad Allahverdiyev 23 yaşlılar arasında Avropa çempionatında gümüş medal qazanıblar.

Arena.az xəbər verir ki, Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında təşkil olunmuş Avropa çempionatında çıxışını başa vurub.

Yığmamız qitə ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.

Millimizin üzvlərindən Tural Sarıyev (48 kq) ikinci yerlə kifayətlənib. İlk iki görüşündə müvafiq olaraq Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını gümüş medalla bitirib.

Yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb. 51 kq-da çıxış edən boksçumuz da qitə birinciliyini gümüş medalla başa vurub. Bu, Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında 2 dəfə çempion tituluna yiyələnib.

Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kq çəkidə çıxış edən boksçumuz finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Xatırladaq ki, bu Avropa çempionatında yığmamızın digər medalını Marjona Savriyeva (50 kq) qazanmışdı. O, üçüncü yeri tutmuşdu.

Azərbaycan yığması bu Avropa çempionatına bütövlükdə 13 (10 kişi, 3 qadın) boksçu ilə yollanmışdı.

Avropa çempionatında ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdiyev də yer alacaq.