Açerbi “Roma” fanatlarına uzatdığı barmağa görə cavab verəcək

“İnter”in mərkəz müdafiəçisi Françesko Açerbi A Seriyasının 24-cü tur “Roma” səfərində (2:4) etdiyi ədəbsizliyə görə cavab verəcək.

Arena.az məlumat verir ki, italyan futbolçu künc zərbəsindən ötürmə ilə oyunun 17-ci dəqiqəsində başla qol vurub, amma bu məqam əvvəlcə hakimin VAR-a müraciəti ilə təhlil edilib.

VAR qol qərarını təsdiqlədikdən sonra isə Açerbi tribunadakı “Roma” azarkeşlərinə əxlaqsızcasına orta barmağını göstərib.

Oyundan sonra Açerbinin belə biədəb davranışının səbəbi ortaya çıxıb. Belə ki, Açerbi sözügedən məqamda oyunda hesabı açdıqdan sonra yerli azarkeşlər Françeskoya “sən ölməliusən”, deyə qışqırıblar. Məhz bundan sonra isə əsəbləri tarıma çəkilmiş Açerbi “canavarlar”ın pərəstişkarlarına orta barmaq göstərib. Bu barədə “Inter Xtra” məlumat verir.

“Corriere dello Sport”un məlumatına ögrə isə Açerbinin müvafiq nalayiq davaranışı İtaliya Futbol Federasiyasının (FIGC) prokurorluğunun baxışındadır.

Yaxın günlərdə bu iş üzrə dinləmələr keçiriləcək. Mənbənin məlumatına görə 36 yaşlı veteran futbolçunu cəza gözləyir. Amma vurğulanır ki, Açerbi qəbahətini səmimi etiraf etsə, cəza pul cəriməsi ilə əvəzlənə bilər. Dinləmələrin yaxın günlərdə keçiriləcəyi gözlənilir.