“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 32-ci turunun Bilbao “Atletik” ilə ev oyununda 1:0 hesablı qələbəni şərh edib.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Valverde həlledici rol oynadı, çünki qol vurdu. Komandam yaxşı oynadı. Birinci hissədə biz azacıq ləng fəaliyyət göstərirdik, amma ikinci hissədə bütün baxışlarda parlaq oynadıq. Biz qələbə qazanmaq, Çempionlar Liqasından kənarlaşdırıldıqdan sonra islah olmaq istəyirdik, Valverde isə əsas oyunçu oldu”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “Real”ın 26 yaşlı uruqvaylı mərkəz yarımmüdfiəçisi Federiko Valverde oyunun 90+3-cü dəqiqəsində “qaymaqlılar”a qələbə gətirmiş yeganə qolun müəllifi olub.
32 oyundan 69 xalla “Real” İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Atletik” isə 57 xalla 4-cü pillədədir.
La Liqaya 73 xalla “Barselona” başçılıq edir.