Avropa çempionatı: Elnurə “bürünc” qazandı, Birgül finalda!

Rumıniyanın Buxarest şəhərində 23 yaşadək güləşçilər arasında təşkil olunmuş (U-23) Avropa çempionatı davam edir. Arena.az xəbər verir ki, yarışın dördüncü günündə daha üç qadın güləşçimiz mübarizəyə qoşulub.

Yarışa 1/4 finaldan qoşulan Gültəkin Şirinova (53 kq) italiyalı Mariya Feroneni “tuş”la yarışdan kənarlaşdırıb. Lakin o, yarımfinalda türkiyəli Zeynep Yetgillə bacarmayıb – 0:5. Rəqibi finala yüksəldiyi üçün Gültəkin sabah bürünc medal uğrunda güləşəcək. O, Mariana Draqutan (Moldova) – Çadia Ayaçi (Fransa) qarşılaşmasının qalibiylə mübarizə aparacaq.

Jalə Əliyeva (57 kq) ilk mərhələdə ukraynalı Aleksandra Xomenetsə müqavimət göstərə bilməyib – 2:13. Onun da rəqibi finala yüksəldiyi üçün Əliyeva sabah təsəlliverici görüşdə Bolqarıstan təmsilçisi Nazife Tairlə güləşəcək.

Birgül Soltanova (65 kq) təsnifat mərhələsində bolqarıstanlı Gergana Stoyanovaya 3:0 hesabıyla qalib gəlib. Millimizin üzvü daha sonra yunanıstanlı Drosula Tzianakopulonu “tuş”la məyus edərək adını yarımfinala yazdırıb. Soltanova bu mərhələdə fransalı İris Tiboksdan güclü olub – 6:3. Birgül sabah finalda rumıniyalı Amina Kapezanla qarşılaşacaq.

Yarışın üçüncü günündə medal şansı qazanmış qadın güləşçilərimizdən də bu gün güləşənlər olub.

Elnurə Məmmədova (55 kq) polşalı Angelika Mitkovskaya 12:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda isveçli Emma Malmqrenə məğlub olmuşdu. Rəqib finala yüksəldiyi üçün Elnurə bu gün bürünc medal uğrunda moldovalı Mihaela Samoillə güləşib. Rəqibinə 14:7 hesabıyla qalib gələn Məmmədova Avropa üçüncüsü olub.

Nigar Mirzəzadə (68 kq) ilk mərhələdə slovakiyalı Suzanna Molnara məğlub olsa da, rəqibi finala yüksəldiyi üçün bu gün təsəlliverici görüşə çıxıb. O, polşalı Karolina Kozlovskaya 4:2 hesabıyla qalib gəlib. Ancaq bürünc medal uğrunda qarşılaşmada macarıstanlı Karolina Poka (2:10) uduzan Mirzəzadə qitə birinciliyini 5-ci pillədə başa vurub.

Xatırladaq ki, ötən gün Şəhanə Nəzərova (50 kq) da moldovalı Mariya Leordaya 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda litvalı Qabiya Diliteyə məğlub olmuşdu. Rəqibi də finala yüksələ bilmədiyi üçün Şəhanə üçün heç bir şans qalmamışdı.

Martın 13-dən başlamış Avropa çempionatı ayın 19-da başa çatacaq.