Albaniyanın paytaxtı Tiranada 17 yaşadək (U-17) güləşçilər arasında təşkil olunmuş Avropa çempionatı davam edir.
Arena.az xəbər verir ki, beşinci yarış günündə 48, 55, 65, 80 və 110 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.
Hacı Kərimov (55 kq) ötən gün əvvəlcə türkiyəli Hacı Zadəyə tam üstünlüklə qalib gəlmişdi – 10:0. 1/4 finalda rusiyalı İbrahimhacı Maqomedovla görüş gərgin mübarizə şəraitində keçmişdi. Yekunda 12:10 hesablı qələbə Kərimovu yarımfinala daşımışdı. Milli üzvü yarımfinalda fransalı Ubayda İtayevə heç bir şans tanımayaraq (12:0) adını finala yazdırmışdı. Hacı həlledici görüşdə bu gün ermənistanlı Samvel Gevorqyanla üz-üzə gəlib. Qarşılaşmanın əvvəlindən təşəbbüsə yiyələnən Kərimov tam üstünlüklə (13:0) qalib gələrək Avropa çempionu olub.
Mirzəağa Axundov (65 kq) debütdə isveçrəli Aaron Zberqə 11:0 hesabıyla qalib gəlsə də, 1/8 finalda türkiyəli Rəmzi Temura müqavimət göstərə bilməmişdi – 0:12. Rəqib finala yüksəldiyi üçün Axundov təsəlliverici görüşdə iştirak hüququ qazanmışdı. Həmyerlimiz bu gün bolqarıstanlı Erdal Qalipi tam üstünlüklə (10:0) mübarizədən kənarlaşdırıb. Mirzəağa bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kambayevə heç bir şans tanımayıb (12:2) və fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.
Yarışa 1/4 finaldan başlayan Yusif Dursunov (110 kq) belaruslu Yaraslav Koxanı “tuş”la yolundan kənarlaşdırmışdı. Ağstafa güləş məktəbinin yetirməsi yarımfinalda türkiyəli Arda Güləri də vaxtından əvvəl məğlub edərək (11:0) 2-ci dəfə Avropa çempionatının finalına yüksəlmişdi. Dursunovun finalda rəqibi ermənistanlı Henrik Haykyan olub. Bu gün baş tutan və gərgin mübarizə şəraitində keçən həlledici görüşdə xalların keyfiyyətinə görə (4:4) qələbə qazanan Dursunov titulunu qoruyub.
AÇ-nin son günündə 2 qızıl, 3 bürünc medal şansı
Bu gün – altıncı yarış günündə həm də 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.
Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində inamlı qələbə qazanıb – 16:7. Güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Cəfərovun qarşısında polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. Cəfər sabah finalda gürcüstanlı Mate Tsinadzeylə güləşəcək.
Seyhun Əlizadə (51 kq) 1/8 finalda ermənistanlı Saşa Petrosyanla bacarmayıb – 2:15. Rəqib finala yüksəldiyi üçün Əlizadə sabah təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşacaq.
Camal Abbasov (60 kq) 1/8 finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb – 11:0. Gəncə güləş məktəbinin yetirməsi yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. Abbasov yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Sabah baş tutacaq həlledici görüşdə Camalın rəqibi rusiyalı Akramat Şakriyev olacaq.
İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi Rəhimli üçün bürünc medal qazanmaq şansı yaradıb. İsmayıl sabah təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişviliylə üz-üzə gələcək.
Səid Paşayev (92 kq) təsnifat mərhələsində türkiyəli Eyyup Çətinə müqavimət göstərə bilməyib – 2:13. Rəqib finala yüksəldiyi üçün Paşayev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səid sabah belaruslu Aleksey Kulakovla güləşəcək.
Xatırladaq ki, Avropa çempionatı sabah yekunlaşacaq.


