3×3 basketbol üzrə Azərbaycan milliləri Kiprin Limassol şəhərində təşkil olunacaq Avropa Kubokunun seçmə mərhələsində iştirak edəcəklər.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bosniyalı baş məşqçi Aleksandar Vlahoviçin rəhbərlik etdiyi kişilərdən ibarət Azərbaycan yığması A qrupunda yer alıb. Millimiz meydan sahibləri ilə yanaşı, Lüksemburq və Malta yığmaları ilə də üz-üzə gələcək.
Azərbaycan yığmasının heyətində Amil Həmzəyev, Cəbrayıl Əkbərov, Zaur Paşayev və Endar Poladxanlı yer alacaq.
Qadınlardan ibarət Azərbaycan yığması isə serbiyalı mütəxəssis Ratomir Deliçin rəhbərliyi altında A qrupunda İrlandiya və Malta seçmələri ilə görüşəcək. Komandamızın heyətində Tatyana Deniskina, Aleksandra Mollenhauer, Mersedes Volker və Dina Ulyanova mübarizə aparacaq.
Seçmə mərhələnin qarşılaşmaları 17-18 iyunda gerçəkləşəcək.
Avropa Kubokunun əsas mərhələsi isə 5-7 sentyabrda İsrailin Yerusəlim şəhərində baş tutacaq.


