“Böyük Dəbilqə”: Yaşar Nəcəfov Bakıda çempion oldu

Bu gün Milli Gimnastika Arenasında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Böyük Dəbilqə” turnirinə start verilib.

Arena.az xəbər verir ki, artıq ilk yarış günü başa çatıb.

Turnirin ilk günündə qadınlar arasında 48 (Ramilə Əliyeva, Şəfəq Həmidova, Leyla Əliyeva), 52 (Gültac Məmmədəliyeva) və 57 kq (Nərgiz Hacıyeva) çəki dərəcələrində 5 cüdoçumuz yarışıb.

Kişilər arasında isə 60 (Balabəy Ağayev, Əhməd Yusifov, Rövşən Əliyev və Nazir Talıbov) və 66 kq (Qasım Vəlizadə, Yaşar Nəcəfov, Rəşad Yelkiyev və Ruslan Paşayev) çəki dərəcələrində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıblar.

Qadınlar arasında Leyla Əliyeva finala qədər irəliləyib. O, həlledici görüşdə İtaliya təmsilçisi Assunta Skutto ilə qarşılaşıb. Məğlub olan Leyla turnirin gümüş medalına sahib olub.

Kişilər arasında isə Yaşar Nəcəfov finala qədər irəliləyib və həlledici görüşdə Yaponiya təmsilçisi Takeşi Takeoka ilə üzləşib. Yaşar yapon rəqibinə qarşı Klassik Kumi-katadan uçi-mata fəndi işlədərək ippon ilə parlaq qələbə əldə edib.

Qeyd edək ki, Bakıdakı “Böyük Dəbilqə” turnirində “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alıb. O, turnirin ilk günündə final mərhələsində qadınlar arasında 57 çəki dərəcəsinin bürünc medal uğrunda olan görüşünü və 60 kq çəkidə isə final görüşünü idarə edib.

Artıq 9-cu dəfə Azərbaycanda keçirilən “Böyük Dəbilqə” turniri 61 ölkədən 441 idmançını bir araya toplayıb. Bu yarış idmançılara Paris-2024 Olimpiya Oyunları üçün xallar qazanmağa imkan verir. Turnirə sentyabrın 24-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: