Cəlal Hüseynov ÇSKA 1948 üzərində qələbəyə sevindi

Futbol üzrə Azərbaycan millisinin mərkəz müdafiəçisi Cəlal Hüseynov Bolqarıstanın “Arda” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Cəlalın komandası Bolqarıstan çempionatının 2025/2026-cı illər mövsümünün 16-cı turu çərçivəsində ÇSKA 1948 (Sofiya) ilə qarşılaşıb.

Doğma meydanda baş tutmuş bu oyun “Arda”nın qələbəsi ilə yekunlaşıb – 3:0. Hüseynov bu görüşdə 90 dəqiqə meydanda olub.

“Arda” 16 turdan sonra 19 xalla 16 iştirakçı arasında 10-cu pillədə qərarlaşıb. Komanda əvvəlki turlarda 5 qələbə qazanıb, 4 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb. Azərbaycanlı futbolçu bu komandada 65 rəsmi oyuna çıxıb, 2 qol vurub. Cəlal ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirsə də, bu yay yenidən Bolqarıstan klubuna qayıdıb.