ÇL: “Qarabağ” çətin Neapol səfərində

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının (ÇL) Liqa mərhələsində növbəti oyununa çıxacaq.

Arena.az xəbər verir ki, Azərbaycan çempionu əsas mərhələnin 5-ci turu çərçivəsində İtaliya çempionu “Napoli” ilə üz-üzə gələcək.

Sözügedən komandalar arasındakı oyun Neapol şəhərindəki “Dieqo Armando Maradona” stadionunda baş tutacaq. Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Tomaş Listkeviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Voyçex Muç yerinə yetirəcək.

Qurban Qurbanovun kollektivi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində uğurlu çıxışı ilə diqqət mərkəzindədir. Ağdam klubu ilk turda səfərdə Portuqaliya təmsilçisi “Benfika”ya 3:2 hesabıyla qalib gəlib. İkinci turda isə Azərbaycan çempionu Danimarka nəhəngi “Kopenhagen”i diz çökdürüb – 2:0. Üçüncü turda İspaniya təmsilçisi “Atletik”lə oyuna da yaxşı başlamış Ağdam klubu Bilbao təmsilçisi ilə görüşdə sonadək davam gətirə bilmədiyi üçün 1:3 hesabıyla uduzmuşdu. Amma Bakıda İngiltərə nəhəngi “Çelsi” ilə görüşdə təmsilçimiz növbəti dəfə özündən söz etdirməyi bacarıb – 2:2.

“Napoli” isə ÇL-in Liqa mərhələsində keçirdiyi 4 oyundan 1 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə ayrılıb. A Seriyası təmsilçisi səfərdə “Mançester Siti”yə (0:2) və PSV-yə (2:6), evdə “Ayntraxt”la sülh bağlayıb – 0:0. Neapollular yalnız 2-ci turda “Sportinq”i doğma meydanda 2:1 hesabıyla üstələyiblər.

“Napoli” ÇL-in Liqa mərhələsinin yarış cədvəlində 4 xalla 24-cü, “Qarabağ” isə 7 xalla 15-ci pillədə qərarlaşıb.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 5-ci tur
25 noyabr

“Napoli” – “Qarabağ”
Hakimlər: Şimon Marçinyak, Tomaş Listkeviç, Adam Kupsik, Voyçex Muç (Polşa).
VAR: Pol van Bokel (Niderland).
AVAR: İvan Bebek (Xorvatiya).
Neapol. “Dieqo Armando Maradona” stadionu. Saat 00:00.