Cordan Amavi Marseli bu dəfə “Brest”ə görə tərk etdi

Fransanın “Olimpik” (Marsel) klubunun müdafiəçisi Cordan Amavi bundan sonra Liqa 1-in digər təmsilçisi “Brest”də forma geyinəcək.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.

Amavi 2017-ci ildən “Olimpik”də çıxış edirdi. “Nitsa”nın yetirməsi olan sol cinah müdafiəçisi İngiltərənin “Aston Villa” klubunda legioner həyatı yaşayıb. O, ötən mövsüm “Xetafe”də də icarədə olub.

“Brest” “Nitsa”nın sol cinah vingeri Billal Brahimini də icarəyə götürüb. Əlcəzairdən olan 23 yaşlı futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq. O, daha öncə “Anje”, “Le Mans”, “Reyms” və “Midlsbro”da da çıxış edib, Əlcəzair yğmasında 4 matça çıxıb.

“Brest” beş futbolçusu ilə də yollarını ayırıb. Finlandiya yığmasının da üzvü olan 29 yaşlı sol cinah müdafiəçisi Yere Uronen “Şarlott” klubuna satılıb. MLS təmsilçisi bu transfer üçün Liqa 1 klubuna 600 min avro ödəyib. Onunla müqavilə isə 2025-ci ilin dekabrına qədər nəzərdə tutulub. Finlandiya yığmasında 63 oyuna 1 qol vurmuş Uronen “Şalke”, “Genk”, “Helsinqborq”, TPS kimi klublarda da forma geyinib.

Noa Fadiqa isə “Brest”dən azad agent kimi ayrılıb və Belçikanın “Gent” klubu ilə 3 illik müqavilə bağlayıb. Əslən Seneqaldan olan 23 yaşlı belçikalı futbolçu “Brest”dən öncə “Herakles”, “Volendam” və “Brügge”də də oynayıb.

“Brest”in 23 yaşlı yarımmüdafiəçisi Hianqa Mbok “Kan”a, 20 yaşlı sağ cinah vingeri Karamoko Dembeleni “Bləkpul”a, 19 yaşlı yarımmüdafiəçi Tairik Arkonte isə “Rodez”ə icarəyə verilib. Onların hamısı mövsümün sonuna kimi icarədə olacaqlar.

Yeri gəlmişkən, Niderland milli komandasının qapıçısı Marko Bizot “Brest”lə müqaviləsini yeniləyib. Onunla 2026-cı ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb. 32 yaşlı Bizot 2021-ci ildə “Alkmaar”dan Liqa 1 klubuna keçib.

Xəbəri sosial şəbəkələrdə paylaş: