Futzal üzrə Azərbaycan millisi bu gün dünya çempionatının (DÇ-2024) elit mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Vitali Borisovun çalışdırdığı yığmamız A qrupunun 3-cü turunda Qazaxıstan seçməsini qəbul edib.
Bu, millimizin doğma meydanda ikinci oyunu idi. Komandamız daha öncə Bakıda Niderland yığamasına qalib gəlmişdi – 6:1. İlk turda isə Rumıniya ilə səfər oyunu millimizin məğlubiyyəti ilə başa çatmışdı – 1:3.
Qazaxıstan yığması isə Niderland və Rumıniyanın hər ikisi ilə ilk oyunlarından qalib ayrılmışdı. Bu üzdən də bugünkü rəqibimiz hazırda qrupun vahid lideri idi. Yığmamız qrup liderliyini ələ keçirmək üçün qazaxlarla ev oyunundan mütləq qələbə ilə ayrılmalı idi
Qeyd edək ki, Azərbaycan və Qazaxıstan milli komandaları yoldaşlıq oyunlarında və beynəlxalq turnirlər çərçivəsində dəfələrlə üz-üzə gəlsələr də, rəsmi yarışlarda indiyə qədər cəmi bir dəfə qarşılaşmışdılar. Belə ki, AÇ-2012-nin seçmə mərhələsində hər iki milli Bakıda keçirilən matçda rəqib olmuşdu. Görüş komandamızın 6:3 hesablı qələbəsi ilə yekunlaşmışdı.
Bugünkü oyun rəsmi müstəvidə ikinci duel olub. Bakı İdman Sarayında baş tutan budəfəki qarşılaşma təəssüf ki, Azərbaycan yığması üçün uğursuz alınıb. Belə ki, millimiz altı qolluq görüşdən 2:4 hesablı məğlubiyyətlə ayrılıb.
Qrupda növbəti turun oyunları oktyabrın 11-də baş tutacaq. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.
DÇ-2024-ün seçmə mərhələsi
Elit raund, A qrupu
6 oktyabr
Azərbaycan – Qazaxıstan 2:4
Qollar: Hadi Ahmadi, 11:46. Maneka, 39:55 – Birjan Orozov, 22:25. Duqlas, 26:02. Dauren Tursaqulov, 35:31. Leo, 38:49.
Hakimlər: Kirill Naişouler, Arttu Kyynaeraeynen, Paavo Komppa (hakimlər Finlandiyadandır).
Timekeeper: Anar Fərəcov (Azərbaycan).
Hakim-inspektor: Tarik Keço (Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Sean Dipple (İngiltərə).
Bakı İdman Sarayı.
Azərbaycan: 1. Emin Kürdov (k), 6. Eduardo Borges, 9. Rafael Vilela, 10. Felipinyo, 14. Amadeu, 12. Rövşən Hüseynli, 20. Qabriel Bastos, 5. Maneka, 7. Hadi Ahmadi, 8. Novruz Kazıxanov, 11. Xətai Bağırov, 13. Qallo, 16. Xəzər Ağalızadə, 4. Murad Quluzadə.
Baş məşqçi: Vitali Borisov.
Qazaxıstan: 2. İqita, 6. Edson, 12. Dauren Tursaqulov, 14. Duqlas, 17. Birjan Orozov, 16. Narun Serikov, 7. Azat Valiullin, 8. Leo, 9. Albert Akbalıkov, 10. Çingiz Yesenamanov, 11. Arnold Knaub, 13. Rayımbek Juma, 18. Akjol Daribay, 20. Rəsul Abdumanapuli.
Baş məşqçi: Rikardo Kaka.
Bu gün A qrupunun digər oyununda Rumıniya yıması evdə Niderland millisini 2:1 hesabıyla məğlub edib. Hazırda yığmamızın qrupunda xal durumu belədir:
Qazaxıstan – 9. Rumıniya – 6. Azərbaycan – 3. Niderland – 0.


