Domeniko Tedesko: “Yaxşı ki, Bakıya tez gəldik”

Belçika millisinin baş məşqçisi Domeniko Tedesko AÇ-2024-ün seçmə mərhələsində Azərbaycana qarşı oyun öncəsi fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, bu gün Bakıda təşkil olunmuş mətbuat konfransında Belçika yığmasının və İngiltərənin “Aston Villa” klubunun yarımmüdafiəçisi Yuri Tilemans da iştirak edib.

26 yaşlı futbolçu jurnalistlərlə görüşdə bunları söyləyib: “Meydançanın durumuna görə sabah hər iki komanda üçün çətin olacaq. Nəzərə alaq ki, hər iki tərəf topla oynamağı sevir. Bu baxımdan çətin mübarizə olacaq. Kevin De Bröynenin yoxluğunun bizim üçün çətinliyi var. Buna baxmayaraq, keyfiyyətli oyunçulara sahibik. Ələ düşən imkanlardan yararlanmağa çalışacağıq”.

O, komandadakı gənclərin məşqlərdə əllərindən gələni etdiklərini bildirib: “Komandaya qoşulan futbolçular həyəcanlıdırlar, məşqlərdə özlərini yaxşı tərəfdən göstərirlər. Onlarla yanaşı, təcrübəlilərimiz də var. Hər kəs əsas heyətə düşməyə çalışır”.

Domeniko Tedesko da əvvəlcə heyətdəki itkilərdən söz açıb. 38 yaşlı mütəxəssis xüsusən də “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröynenin olmamasından narahatlığını dilə gətirib:

“De Bröyneni birbaşa əvəz etmək mümkün deyil. Hətta onun yoxluğu “Mançester Siti”də də hiss olunur. Bizim üçün də eyni vəziyyətdir. Həmin mövqedə çıxış edəcək oyunçunun intensivliyi və kreativliyi çox vacib olacaq”.

38 yaşlı mütəxəssis hücumçu Romelu Lukakunun oyun praktikasından əziyyət çəkməsinə baxmayaraq, sabahkı görüşdə iştirak edəcəyini söyləyib.

O, meydançanın durumuna çox fikir vermədiklərini vurğulayıb: “Şərtləri olduğu kimi qəbul etmək lazımdır. Yaxşı ki, bura tez gəldik. Söhbət təkcə meydançanın durumundan deyil, paltardəyişmə otağından da gedir. Ancaq meydançadan kənardakı məsələlərə diqqət ayırmağa ehtiyac yoxdur. Bu məsələni özümüz daxildə müzakirə etdik”.

Tedesko gərgin olduğunu da etiraf edib: “Həmişəkindən daha çox gərginəm. İndidən bizim final mərhələsinə vəsiqə qazanmağımızı qeyd edirlər. Məncə, bu, düzgün deyil. Azərbaycan İsveçə 0:5 hesabı ilə uduzsa da, birinci hissə tam fərqli keçmişdi. İlk qolu vursaydılar, nəticə fərqli olardı. Bizimlə oyunda da bu hal yaşana bilər. Rəqibin heyətində sol cinah oyunçusunu qeyd edərdim. Qollarda yaxından iştirak edə bilir”.

Xatrıladaq ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçına saat 17:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: