PSJ-nin və İtaliya yığmasının qapıçısı Canluici Donnarumma həmyerlisi, məşhur qapıçı Canluici Buffon haqda danışıb.
Arena.az Donnarummanın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:
“Cici Buffonun mənim böyüyüb inkişaf etməyimə rəvac verən onlarla məsləhəti olduğu halda, hansısa bir məsləhəti haqda danışmaq çətindir. Mənim üçün bütün dövrlərin ən yaxşı qapıçısının izləri ilə getmək böyük şərəfdir.
Özünün səmimiyyəti və etibarı sayəsində Cici mənə meydanda, xüsusilə meydandan kənarda çempion olmağı öyrədib. Biz hələ də tez-tez bir-birimizlə söhbətləşirik. Mən ona çox şeydə borcluyam. Onun, karyerası ərzində nəyə nail olduğuna əvvəlki tək heyranam”.
“Milan”ın yetirməsi olan Canluici Donnarumma 2021-ci ilin yayında İtaliya klubundan azad agent kimi ayrılaraq Fransa nəhəngi PSJ-yə keçib. O, cari mövsümdə Paris təmsilçisinin heyətində 46 oyunda meydana çıxıb, 48 qol buraxıb, 14 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb. 24 yaşlı qolkiper bütövlükdə PSJ-də 70 oyuna çıxıb, 71 qol buraxıb, 23 “quru” oyun keçirib. Onun “Milan” karyerası isə 251 oyun, 265 buraxılmış qol və 88 “quru” oyundan ibarətdir. İtaliya milli komandasının kapitanı olan Canluici, yığmada da 52 matç keçirib.