Fransanın U-21 yığmasının və “Monpelye” klubunun hücumçusu Elye Vahi Liqa 1-in digər təmsilçisi “Lans”a keçib.
Arena.az xəbər verir ki, “Lans” onu 30 milyon avro qarşılığında heyətinə qatıb.
20 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Lans” fransız forvardın karyerasında ikinci klubdur. Belə ki, “Monpelye”nin yetirməsi olan gənc futbolçu indiyə qədər məhz bu komandanın uğurları üçün çalışıb. Elye Vahi Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da forma geyinib.
“Lans” “Monako”nun sağ cinah müdafiəçisi Ruben Aqiları da transfer edib. Onun keçidi üçün 3,5 milyon avro ödəmiş Liqa 1 klubu 30 yaşlı futbolçu ilə 3 illik sözləşmə imzalayıb.
2019-cu ildən “Monako”da çıxış edən Ruben Aqilar “Monpelye”, “Oser”, “Qrenobl” və “Sent-Etyen”də də çıxış edib. O, Fransa yığmasında da 1 matça çıxıb.
“Lans” bu yay “Lester Siti”dən azad agent kimi ayrılmış Nampalis Mendini də heyətinə qatıb. 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb. Seneqal yığmasında 27 oyun keçirmiş futbolçu “Lester Siti”dən öncə “Nitsa” və “Monako”nun da uğurları üçün çalışıb.
“Lans” iki futbolçusu ilə də yollarını ayırıb. Mərkəz müdafiəçisi Jülyen Le Kardinal “Brest”ə icarəyə verilib. 26 yaşlı fransız futbolçu mövsümün sonuna kimi bu komandada çıxış edəcək. O, daha öncə “Paris” və “Bastiya”da da oynayıb.
Lukaş Poreba isə “Hamburq”a icarəyə verilib. Polşalı yarımmüdafiəçi də Le Kardinal kimi mövsümün sonuna kimi icarədə olacaq. O, “Lans”dan öncə “Zaqlembe”də forma geyinib.
Elye Vahini “Lans”a satan “Monpelye”nin mərkəz müdafiəçisi Pedro Mendes də “Eştrela”ya keçib. 32 yaşlı futbolçu yeni klubu ilə azad agent kimi 1 illik sözləşməyə imza atıb.