İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haland Norveç milli komandasının azarkeşləri tərəfindən fitə basılıb.
Arena.az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsində Şotlandiya yığmasına məğlubiyyətdən sonra hücumçunun onları salamlamaması azarkeşlərin xoşuna gəlməyib.
Azarkeşlər futbolçunun avtoqraf verməsini və şəkil çəkdirməsini gözləsələr də, Haland oyundan sonra dərhal avtobusa tərəf yollanıb.
Haland oyunun 61-ci dəqiqəsində penaltidən hesabı açıb, 84-cü dəqiqədə əvəzlənib. Bundan sonra şotlandlar 87-ci və 89-cu dəqiqələrdə vurduqları qollarla qələbəni norveçlilərdən qoparıblar. Qarşılaşma Şotlandiya yığmasının səfərdə 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyundan sonra Norveç yığmasının baş məşqçisi Stole Solbakken futbolçunun problemlərindən danışıb:
“Erlinq özü əvəz edilmək istəyib. Onu daha 10-12 dəqiqə meydanda saxladıq. Onunla son dəqiqələrdə sanki azlıqda oynayırdıq – o, tamamilə boş idi. 30 dərəcə isti də təsirini göstərdi. Onun sadəcə nəfəsi kəsilmişdi”.
Xatırladaq ki, Erlinq Haland son vaxtlar qol vurmaqda problemlər yaşayırdı.


