İspaniyanın “Atletik” komandasının baş məşqçisi Ernesto Valverde Bilbao təmsilçisinin sükanı arxasında 500-cü oyununu keçirib.
Arena.az xəbər verir ki, onun yubiley matçı La Liqanın 34-cü turuna təsadüf edib.
Bilbao təmsilçisi “Alaves”i 4:2 hesabı ilə məğlub edib.
Bu nailiyyət Valverdeyə İspaniya çempionatında bir klubla 500 oyunluq həddə çatan məşqçilərin sırasına qoşulmağa imkan verib. Əvvəllər yalnız Arsenio İqlesias, Migel Munyos, Luis Araqones və Dieqo Simeone bunu bacarmışdılar.
Xatırladaq ki, Ernesto Valverde “Atletik”də üçüncü dönəmini keçirir. O, 2003–2005 (91 oyun, 37 qələbə, 22 heç-heçə, 32 məğlubiyyət) və 2013–2017-ci illərdə (213 oyun, 101 qələbə, 46 heç-heçə, 66 məğlubiyyət) də komandaya rəhbərlik edib. Valverde 2022-ci ildə yenidən bu kluba qayıdıb. Bu müddətdə o, komandanı 194 oyuna çıxarıb, 92 qələbə, 43 heç-heçə, 59 məğlubiyyət görüb.
Valverde Bilbao təmsilçisi ilə 2015/2016-cı illər mövsümündə İspaniya Super Kubokunu, 2023/2024-cü illər mövsümündə isə İspaniya Kubokunu qazanıb.
62 yaşlı mütəxəssis karyerası ərzində “Espanyol”, “Olimpiakos”, “Vilyarreal”, “Valensiya” və “Barselona”ya da rəhbərlik edib.


