İngiltərənin 21 yaşadək futbolçulardan ibarət millisinin və “Nyukasl”ın yarımmüdafiəçisi Lyuis Mayli mövsümü erkən başa vurub.
Arena.az xəbər verir ki, “Nyukasl” 2025/2026-cı illər mövsümünün son oyunları ərəfəsində daha bir ciddi itki ilə üzləşib.
Klubun yaydığı məlumata görə, komandanın mərkəz yarımmüdafiəçisi Lyuis Mayli zədə səbəbindən qalan oyunlarda meydana çıxa bilməyəcək. Məşq zamanı sıradan çıxan futbolçu komandasının çempionatdakı həlledici qarşılaşmalarında iştirak etmək şansını itirib. Onun dəqiq bərpa müddəti açıqlanmayıb.
Mayli “Nyukasl”ın öz yetirməsidir. O, cari mövsümdə bu komandanın forması ilə bütün turnirlərdə ümumilikdə 34 matçda meydana çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə rəqib qapılarından 3 top keçirib və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Lyuis “Nyukasl”ın əsas komandasının heyətində bütövlükdə 80 oyun keçirib, 6 qol və 8 assist müəllifi olub.
Daha öncə İngiltərənin U-17, U-19 və U-20 yığmalarında da oynamış yarımmüdafiəçi hazırda U-21-in şərəfini qoruyur.
“Transfermarkt” internet-portalı 20 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.


