Niklas Süle karyerasını başa vurdu – 30 yaşında

Futbol üzrə Almaniya yığmasının və Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niklas Süle karyerasını başa vurub.

Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.

Almaniya millisinin sabiq üzvü aprelin 18-də “Hoffenhaym”a uduzduqları (1:2) oyunda zədələndikdən sonra bu qərarı verib:

“Karyeramı başa vurduğumu elan etmək istəyirəm. “Hoffenhaym”la oyundan sonra həkimimiz paltardəyişmə otağında məni müayinə etdi, fizioterapevtə baxdı və başını yellədi. Duşa girdim və təxminən 10 dəqiqə ağladım. Düşündüm ki, vəziyyət çox pisdir. Ertəsi gün MRT müayinəsinə getdim və xoş xəbər aldım. Mənə 1000 faiz aydın oldu ki, artıq özümü riskə atmamalıyam. Budur, hər şey bitdi. Yaşamaq, tətilə getmək, uşaqlarımla vaxt keçirmək şansını gözləyərkən 3-cü dəfə açıq diz zədəsindən daha pis bir şey təsəvvür edə bilməzdim”.

Xatırladaq ki, Niklas Süle “Hoffenhaym”ın yetirməsidir. O,
sözügedən komandanın heyətində 117 oyun keçirib, 8 qol və 4 assistlə yadda qalıb. 2017-2022-ci illər aralığında Almaniya nəhəngi “Bayern”də çıxış etmiş futbolçu burada 171 oyunda 7 qol və 5 assist müəllifi olub. Müdafiəçi 2022-ci ildən Dortmund “Borussiya”sının şərəfini qoruyurdu. Alman futbolçu bu komandanın heyətində 109 oyun keçirib, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Süle klub karyerasındakı bütün titullarını (14) “Bayern”lə qazanıb:

UEFA Çempionlar Liqası (2019/2020)
UEFA Super Kuboku (2020/2021)
FİFA Klub Dünya Kuboku (2020/2021)
Almaniya Bundesliqası (2017/2018, 2018/2019, 2019/2020, 2020/2021, 2021/2022)
Almaniya Kuboku (2018/2019, 2019/2020)
Almaniya Super Kuboku (2017/2018, 2018/2019, 2020/2021, 2021/2022)

Almaniyalı futbolçu 2017-2023-cü illər aralığında ölkəsinin əsas millisinin heyətində 49 oyun keçirib, 1 qol vurub. O, milli komanda ilə 2017-ci ildə FİFA Konfederasiyalar Kubokunun qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: