Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Gənclərbirliyi” komandasını bundan sonra Metin Diyadin çalışdıracaq.
Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.
58 yaşlı mütəxəssislə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Xatırladaq ki, Metin Diyadin “Gənclərbirliyi” üçün tanış simadır. O, 1988-1998-ci illər aralığında bu komandaya futbolçu kimi xidmət göstərib. Məşqçiliyə də elə bu komandada başlamış türkiyəli mütəxəssis 2002-2007-ci, 2013-cü, 2021-2022-ci illərdə “Gənclərbirliyi”nin sükanı arxasında çalışıb. Sonuncu dəfə 2025-ci ilin dekabrında bu komandanın baş məşqçisi təyin edilmiş Diyadin bu ilin fevralında postunu tərk etmək məcburiyyətində qalmışdı. Lakin klub rəhbərliyi onu yenidən bu vəzifəyə qaytarıb.
Diyadin məşqçilik karyerası ərzində “Əskişəhərspor”, “Rizəspor”, “Orduspor”, “Kasımpaşa”, “Göztəpə”, “Qaziantep”, “Girəsunspor”, “Ankaragücü”, “Bandırmaspor”, “İğdır” kimi komandalara da rəhbərlik edib.
Metin Diyadin “Gənclərbirliyi” komandasının baş məşqçi postunda ötən gün istefaya göndərilmiş Volkan Demireli əvəz edib.
“Gənclərbirliyi” Türkiyə Super Liqasının cari mövsümündə 32 oyunda topladığı 28 xalla 16-cı pillədə qərarlaşıb.


