“Bayer”in və Argentina yığmasının mərkəz yarımmüdafiəçisi Esekiel Palasios Almaniya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Leverkuzen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, yeni sözləşməyə əsasən, 24 yaşlı yarımmüdafiəçi 2028-ci ilin yayına kimi bu komandada qalacaq. Onun klubla əvvəlki müqaviləsinin müddəti 2025-ci ilin 30 iyununda başa çatacaqdı.
Esekiel Palasios “Bayer”ə 2020-ci ilin yanvarında Argentinanın “River Pleyt” klubundan 17 milyon avro müqabilində keçib. O, Bundesliqa təmsilçisinin heyətində 93 oyuna çıxıb. Yarımmüdafiəçi bu görüşlərdə 10 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.
Palasios daha öncə yalnız “River Pleyt”də oynayıb. O, yetirməsi olduğu bu klubun əsas komandasında 87 oyuna 10 qol vurub, 11 məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi Argentina yığmasının heyətində Qətərdəki Dünya Kubokunda çempionluq sevinci yaşayıb. Milli komandada 27 oyuna çıxmış futbolçu fərqlənə bilməyib.
Xatırladaq ki, “Bayer” Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Leverkuzen və Ağdam klubları arasındakı ilk qarşılaşma oktyabrın 26-da Almaniyada baş tutacaq. Tərəflər arasındakı növbəti matç isə noyabrın 9-da Bakıda keçiriləcək. Bu iki komandanın yer aldığı H qrupunda Norveçin “Molde” və İsveçin “Hakken” komandaları da mübarizə aparır. “Qarabağ” ilk turda doğma meydanda “Molde”ni 1:0 hesabıyla məğlub etmişdisə, “Bayer” evdə “Hakken”i 4 cavabsız qolla yenib.
“Bayer” Almaniya Bundesliqasında 5 turdan sonra 13 xalla 2-ci pillədə qərarlaşıb.


