Fatih Tekke və Hüseyn Eroğlu istefaya göndərildilər

Türkiyə Super Liqasında daha iki baş məşqçisi gerçəkləşib – “İstanbulspor” Fatih Tekke, “Samsunspor” Hüseyn Eroğlu ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubları rəsmi saytları vasitəsilə məlumat yayıblar.

Hər iki mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi açıqlanıb. Onların istefasına komandalarının cari mövsümə çox uğursuz başlaması səbəb olub.

Xatırladaq ki, mövsümə heç-heçə ilə başlamış “Samsunspor” sonrakı 4 oyundan məğlubiyyətlə ayrılıb və 5 oyuna topladığı 1 xalla 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb. “İstanbulspor” isə 2 heç-heçədən sonra ardıcıl 3 məğlubiyyətlə üzləşib. Bu komanda da 2 xalla 19-cu sıradadır.

Hüseyn Eroğlu 2022-ci ilin sentyabr ayından “Samsunspor”a rəhbərlik edirdi. Samsun klubu məhz onun rəhbərliyi altında uzun fasilədən sonra Super Liqaya yüksəlmişdi. Bu komanda Eroğlunun rəhbərliyi altında bütövlükdə 36 oyun keçirib, 21 qələbə qazanıb, 7 heç-heçə edib, 8 məğlubiyyətə üzülüb. 50 yaşlı mütəxəssis daha öncə “Altınordu” komandasına da rəhbərlik edib.

Fatih Tekke isə 2022-ci ilin oktyabr ayından “İstanbulspor”un baş məşqçisi idi. O, bu müddətdə komandanı 30 oyuna çıxarıb (9 qələbə, 5 heç-heçə, 16 məğlubiyyət). 46 yaşlı mütəxəssis əvvəllər də iki dəfə “İstanbulspor”a baş məşqçi təyin olunub. O, məşqçilik karyerası ərzində Türkiyənin U-23 yığmasına, həmçinin “Kayseri Ərciyəsspor”, “Boluspor”, “Manisaspor”, “Dənizlispor”, “Bursaspor” kimi komandalara da rəhbərlik edib.

Xatırladaq ki, daha öncə “Başakşəhər” Emre Belözoğlu, “Kayserispor” Çağdaş Atan, “Qaziantep” isə Erdal Güneş ilə yollarını ayırmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: