Futbol üzrə Fransa yığma komandasının və Madrid “Real”ının mərkəz hücumçusu Kilian Mbappe xəzinəsini daha bir mükafatla artırıb.
Arena.az xəbər verir ki, Mbappe UEFA Çempionlar Liqasında vurduğu 15 qolla mötəbər yarışın 2025/2026-cı illər mövsümünün ən sərrast qolçusu olub.
Harri Keyn (“Bayern”) 14 qolla ikinci, Badri Kvaratsxeliya (PSJ) 10 qolla 3-cü olub.
Xatırladaq ki, UEFA Çempionar Liqasının qalibi adını ardıcıl surətdə ikinci dəfə PSJ qazanıb. Fransa nəhəngi final oyununda “Arsenal”ı penaltilər silsiləsində məğlub edərək, məqamını qoruyub (əsas vaxt 1:1, əlavə vaxt 0:0, penaltilərlə 4:3).
Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib. 2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Mbappe 2025/2026-cı illər mövsümündə “Real”ın heyətində 44 oyuna çıxıb, 42 qol vurub, 7 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 103 oyun, 86 qol, 12 məhsuldar ötürmə.
Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 96 oyun keçirib, 56 qol vurub və 40 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
“Transfermarkt” internet-portalı 27 yaşlı fransalı hücumçunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


