İspaniya yığmasının və “Barselona”nın 21 yaşlı mərkəz yarımmüdafiəçisi Fermin Lopes Kataloniya klubu ilə yeni müqaviləyə imza atıb.
Arena.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, gənc futbolçunun yeni sözləşməsinin müddəti 2029-cu ilin 30 iyununa qədər nəzərdə tutulub. Müqavilədə 500 milyon avro təzminat maddəsi də yer alıb. Belə ki, Fermini 2029-cu ildən tez heyətində görmək istəyən hansısa klub “Barselona”ya məhz yarım milyard avro təzminat ödəməlidir.
Xatırladaq ki, Lopesin Kataloniya təmsilçisi ilə əvvəlki müqaviləsinin müddəti 2027-ci ilin 30 iyununa qədər idi.
Fermin Lopes “Barselona”nın öz yetirməsidir. 21 yaşlı mərkəz yarımmüdafiəçisi 2023-cü ildən Kataloniya təmsilçisinin əsas komandasında forma geyinir. İspan futbolçu indiyə qədər “Barselona”da 48 oyuna çıxıb, 11 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. O, cari mövsümdə cəmi 6 oyuna çıxıb, 2 assistlə diqqət mərkəzinə düşə bilib.
Lopes bir müddət “Linares”də də icarədə olub və 40 oyuna 12 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fermin 2024-cü ilin iyunundan İspaniyanın əsas yığmasında forma geyinir. O, bu komandanın heyətində 2 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Lopes Paris-2024-də çempion olan İspaniyanın Olimpiya millisinin heyətində meydana çıxdığı 6 matçda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” internet-portalı 21 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.







