Fransa futbolunda, keçirilməsinə 2019/2020-ci illər mövsümündə xitam verilmiş Fransa Liqa Kuboku yarışı yenidən təsis edilə bilər.
Arena.az bu barədə ölkənin nüfuzlu “Ekip” nəşrinə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, yenilənmiş Liqa Kubokunda ancaq, avrokubok yarışlarına vəsiqə qazana bilməmiş komandaların iştirakı nəzərdə tutulub. Müvafiq islahatın Fransa futboluna marağı artıracağı təxmin edilir.
Xatırladaq ki, Fransa Liqa Kuboku ilk dəfə 1963-cü ildə təsis edilib, 1964-cü ildə yarışın ilk qalibi adını “Strasburq” qazanıb. 1965-ci ildə isə “Nant” qalib məqamını bayram edib.
Bunan sonra Fransa Liqa Kuboku tarixə qovuşub və yalnız 1982-ci ildə Yay Kuboku adı ilə yenilənib. Yarışın qalibi adını Laval qazanıb. Ardınca isə yarış 1984-cü ildə yenidən Fransa Liqa Kuboku adı ilə 1994-cü ilə qədər mövcud olub. 1995-ci ildən 2020-ci ilə qədər isə yarış Fransa Liqa Kuboku olaraq sabit əsasda keçirilib. Sonuncu yarışın qalibi adını Fransa nəhəngi PSJ qazanıb.
PSJ həmçinin Fransa Liqa Kubokunun ən zəngin klubudur, Paris təmsilçisi iştirak hüququ qazandığı 10 finalın 9-da çempionluğu bayram edib, cəmi bircə finalda, 2000-ci ildə “Gönyon”a məğlub olub – 0:2.


