“Fənərbaxça”nın baş məşqçisi, portuqal mütəxəssis Joze Mourinyo İngiltərə yığmasında mümkün iş barədə sualı cavablayıb.
Arena.az “Sky Sports” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:
“İngiltərə yığmasnda iş ilə bağlı heç bir danışıqlarım olmayıb. Bu işlə maraqlanardımmı? Bu gün yox. Ayda bir oyun oynamaq üçün hələ çox güc-qüvvəm var, mənə daha artığı gərəkdir. Ancaq gələcəkdə dünya çempionatında, Avropa çempionatında oynamaq təcrübəsini əldə etmək istərdim. Bir ölkəni, ölkəmi və ya bağlılıq hiss etdiyim bir ölkəni təmsil edərdim. Hiss edirəm ki, bir gün bu, baş verəcək, amma indi yox”, deyə “Mour” bildirib.
Xatırladaq ki, 61 yaşlı Joze Mourinyo cari ilin iyul ayında “Fənərbaxça”nın sükanı arxasına keçib. Portuqal mütəxəssis İstanbul klunu ilə müddəti 2026-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. “Fənər” “Mour”un qarşısında nə az, nə çox – klubun iddialarını gerçəkləşdirmək tapşırığını qoyub.
Bu müddətdə portuqal mütəxəssis “Fənərbaxça”nı 16 oyuna çıxarıb, 9 qələbə, 5 heç-heçə, 2 məğlubiyət yaşayıb. “Fənər”in top fərqi isə 32:17 nisbətindədir.
Joze Mourinyo “Fənərbaxça”dan öncə İtaliyada “Roma”nı çalışdırıb. Portuqal mütəxəssis karyerası ərzində “Benfika”, “Unian Leyriya”, “Portu”, “Çelsi”, “İnter”, “Real”, “Mançester Yunayted” və “Tottenhem”ı çalışdırıb. “Mour” sükanı arxasında olduğu komandalarla həmişə uğura nail olmağı bacarıb. Portuqal mütəxəssisin çalışdırdığı kollektivləri səciyyələndirən cəhət, hətta qənimət qazanmasalar belə, oyun keyfiyyəti baxımından tərəqqiyə nail olmaqları olub ki, bu da Joze Mourinyonun futbol dünyasının ən nüfuzlu mütəxəssislərindən biri olaraq qəbul edilməsini şərtləndirir.