Julio Romao: “Bayer” favorit olsa da, ondan çəkinmirik”

Azərbaycan çempionu “Qarabağ”ın dayaq yarımmüdafiəçisi Julio Romao komandasının Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən danışıb.

Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu “tntsports.com.br” saytına açıqlamasında bunları söyləyib:

“Şübhəsiz ki, yer aldığımız H qrupunun favoriti Almaniyanın “Bayer” klubudur. Lakin rəqib güclü olsa da, biz bu komanda ilə oyunda da 3 xal qazanmağa, öz oyunumuzu göstərməyə çalışacağıq. Buna nail olacaq səviyyədə komandamız var. “Bayer” nəhəng klubdur, lakin biz onlardan çəkinmirik. Avropa Liqası xüsusi yarışdır və hər bir futbolçu bu turnirin oyunlarında meydanda olmaq istəyir”.

Ağdam klubunun legioneri qrup mərhələsinin ilk turunda Norveçin “Molde” komandasını 1:0 hesabı ilə məğlub etdikləri görüşdən də danışıb: “Qələbə ilə başlamaq həmişə önəmlidir. Bu, şübhəsiz ki, gələcəkdə bizə kömək edəcək. Eyni diqqətlə yolumuza davam etməliyik”.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin 2-ci turnda İsveçin “Hakken” komandası ilə qarşılaşacaq. Azərbaycan çempionu oktyabrın 5-dəki görüşü səfərdə keçirəcək.

Julio Romao 2022-ci ilin iyul ayından “Qarabağ”ın uğurları üçün çalışır. Braziliyalı dayaq yarımmüdafiəçisi Ağdam klubunun heyətində 55 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə Portuqaliyada “Santa Klara”da da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: