“Karvan” – “Kəpəz” oyununun yeri dəyişdirildi

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan Premyer Liqasının 12-ci turunun “Karvan” – “Kəpəz” oyununun yerini dəyişdirib.

Arena.az xəbər verir ki, sözügedən matç Yevlax şəhər stadionunda baş tutacaq.

PFL-in rəsmi saytında daha əvvəldən qarşılaşmanın keçiriləcəyi arena Şamaxı şəhər stadionu göstərilmişdi. Bu gün məkanın yeri dəyişdirilərək Yevlax şəhər stadionu ilə əvəzlənib. Buna Peşəkar Futbol Liqasının “Karvan”a ev oyunlarını Yevlaxda keçirməsinə icazə verməsi imkan yaradıb.

Qeyd edək ki, “Karvan” – “Kəpəz” oyunu noyabrın 21-də keçiriləcək. Oyuna saat 14:00-da start veriləcək.

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün geridə qalmış 11 turundan sonra Yevlax və Gəncə təmsilçiləri yarış cədvəlinin son pillələrində qərarlaşıblar. “Karvan” 5 xalla 11-ci, “Kəpəz” isə 3 xalla sonuncudur.

Xəbəri istədiklərinizlə paylaşın