“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Zirədə baş tutmuş görüşü Qəbələnin eyniadlı təmsilçisinin 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Kaxaber Sxadadze matçdan sonra baş tutmuş mətbuat konfransında bunları söyləyib:
“Zirə”ni qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun oldu. Meydanda mübarizə getdi. Bunu da gözləyirdik. Futbolçular əllərindən gələni etdilər. Maksimum mübarizə apardılar. Özünüz də görürsünüz ki, hər oyunda belə deyək, özümüz qapımıza penalti təşkil edirik. “Sumqayıt”la oyunda o cür əllə oyun, bu gün də belə səhv və penalti.
Süleyman Damadayev çox çalışır, maksimum mübarizə aparır. Sadəcə futbolçuların təcrübəsi çatmır.
İlk dəfə idi ki, müdafiədə belə yaxşı oynayırdıq. “Zirə” çox təcrübəli komandadır. Onlara qarşı bu cür səhvlərə yol vermək olmaz. Biz bu cür səhvlərdən çox ziyan çəkirik. Rəqib çox yaxşı müdafiə olunan komandadır. Qol buraxdıqdan sonra onlara qol vurmaq çox çətindir. Rəqibin cərimə meydançası ətrafında cərimə zərbələri çox qazanırıq. Lakin bunlardan istifadə edə bilmirik.
Azarkeşlərimizi başa düşürəm. Onlar öyrəşiblər ki, “Qəbələ” hər zaman yüksək yerlər uğrunda mübarizə aparıb. Amma istərdim ki, onlar da bizi başa düşsünlər. Hazırda vəziyyət fərqlidir”.


